Azərbaycan 2027-ci ildə Qəbələdə qastronomiya turizmi forumuna ev sahibliyi edəcək
Dövlət Turizm Agentliyinin məlumatına görə, BMT Turizmin təşkilatçılığı ilə keçirilən 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumu 2027-ci ilin iyununda Qəbələdə baş tutacaq.

Azərbaycan 2027-ci ilin iyununda Qəbələdə 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək. Bu barədə Dövlət Turizm Agentliyi AZƏRTAC-a məlumat verib.
Forum BMT Turizmin təşkilatçılığı ilə 2015-ci ildən keçirilir və turizm, qastronomiya sahəsində çalışan mütəxəssisləri, akademikləri, istehsalçıları, sahibkarları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirir. Tədbirin məqsədi qastronomiya turizmi üzrə bilik və təcrübə mübadiləsi, uğurlu təcrübələrin müəyyənləşdirilməsi və bu istiqamətin destinasiyaların inkişafındakı rolunun gücləndirilməsidir.
Forum çərçivəsində Azərbaycanın milli mətbəxi, ənənəvi qastronomiya irsi və yerli məhsulları beynəlxalq turizm və qastronomiya mütəxəssislərinə təqdim olunacaq. Agentliyin açıqlamasına görə, tədbir ölkənin qastronomiya potensialının beynəlxalq auditoriyaya çatdırılmasına, turizmdə investisiya və təhsil istiqamətlərində əməkdaşlığın genişləndirilməsinə, beynəlxalq turizm sənayesi nümayəndələri ilə işgüzar əlaqələrin inkişafına töhfə verəcək.