Yanacaq xərci 4 dəfədən çox artan kruiz gəmisi səfərləri dayandırdı
Belfastdan yola düşən "Villa Vie Odyssey" kruiz gəmisi yanacaq xərclərinin kəskin artımı səbəbindən fəaliyyətini dayandırıb; 650 nəfərlik gəminin sərnişinləri Kambocada qalıb.

Belfastdan (Şimali İrlandiya) dünya səyahətinə çıxan Villa Vie Odyssey kruiz gəmisi yanacaq xərclərindəki kəskin artımı əsas gətirərək fəaliyyətini dayandırdığını elan edib. Səfərlərin dayandırılmasından sonra gəmidəki sərnişinlər Kambocanın Sihanukvil şəhərində köməksiz vəziyyətdə qalıblar.
650 sərnişin tutumu olan gəminin ABŞ-da yerləşən operatoru Villa Vie Residences bildirib ki, hazırda sərnişinlərin gəmidən endirilməsi planları üzərində işləyir və onlar üçün müvəqqəti yaşayış yerləri təşkil edir. Şirkətin açıqlamasına görə, Asiyanın bəzi bölgələrində yanacaq xərcləri hər kayut üçün aylıq 1800 dollardan 8000 dollara qədər yüksəlib.
Operator yanacaq sərfiyyatını azaltmaq üçün gəminin sürətini azaltdığını və limanlarda qalma müddətini uzatdığını, lakin bu tədbirlərin xərclərdəki artımı kompensasiya etmədiyini açıqlayıb. Şirkət xərclərin sərnişinlərin üzərinə yüklənməsini real həll yolu saymadığını bildirərək, qarşıdakı 60 günü yenidən strukturlaşdırma və kapitalın yenidən formalaşdırılması işlərinə həsr edəcəyini qeyd edib. Eyni zamanda bu prosesin nəticəsinin zəmanətli olmadığı vurğulanır.
Səyahətin 3,5 il davam etməsi və təxminən 150 ölkəni əhatə etməsi planlaşdırılmışdı. Lakin gəminin təmirindəki gecikmələr üzündən səyahət vaxtında başlaya bilməyib; sərnişinlər aylarla Belfastda ilişib qalıb, şirkət isə milyonlarla funt sterlinq ziyan görüb. Ötən il şirkət təqaüd illərini dənizdə keçirməyə imkan verən ömürlük yaşayış proqramı təqdim etmişdi; kayutların qiyməti 120 000 ilə 440 000 dollar arasında dəyişir.