Google süni intellektlə otel rezervasiyası funksiyasını işə salıb
Google süni intellektə əsaslanan "agentic" otel rezervasiyası funksiyasını istifadəyə verib. Sistemə Booking.com, Expedia, Hotels.com, Priceline və Trip.com, həmçinin Choice Hotels, Hilton, IHG, Marriott və Wyndham kimi böyük otel qrupları qoşulub.

Google süni intellektə əsaslanan "agentic" otel rezervasiyası funksiyasını istifadəyə verib. Sistemə Booking.com, Expedia, Hotels.com, Priceline və Trip.com kimi onlayn rezervasiya platformaları, həmçinin Choice Hotels, Hilton, IHG, Marriott və Wyndham kimi böyük otel qrupları daxil edilib.
Bu, otel satışının paylanmasında yeni mərhələ kimi qiymətləndirilir: sifariş artıq axtarış nəticələrindən platformaya keçid yolu ilə deyil, süni intellektin istifadəçi adından seçim edib rezervasiya etməsi ilə baş verir. Belə olan halda otelin axtarışda görünməsi və qiymət siyasəti əvvəlkindən fərqli məntiqlə işləyir.
Böyük beynəlxalq şəbəkələrin sistemə qoşulması göstərir ki, kanalın payı qısa müddətdə artacaq. Kiçik və müstəqil otellər üçün əsas sual isə budur: onların otaq və qiymət məlumatı bu tip alətlər üçün nə dərəcədə əlçatan və dəqiq olacaq.
Azərbaycandakı otel və qonaq evləri üçün bu o deməkdir ki, rezervasiya məlumatlarının platformalarda səliqəli və gecikmədən yenilənməsi getdikcə daha çox əhəmiyyət kəsb edəcək — süni intellekt yalnız aydın və etibarlı məlumatı olan obyektləri təklif edə bilər.