COP31-də Azərbaycanın dayanıqlı turizm təşəbbüsləri təqdim olunub
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda turizmdə qida tullantılarının azaldılması və dayanıqlı ərzaq sistemləri mövzusunda beynəlxalq sessiya keçirilib.

Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Turizm Tematik Günü tədbirləri zamanı Azərbaycan pavilyonunda Dövlət Turizm Agentliyinin və BMT Turizmin (UN Tourism) birgə təşkilatçılığı ilə "Turizm, ərzaq sistemləri və qida tullantılarının azaldılmasının iqlim baxımından əhəmiyyəti" adlı beynəlxalq müzakirə sessiyası keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Sessiyada BMT Turizmin İcraçı direktoru Şicun Liu, Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev və Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Faiq Mütəllimov çıxış ediblər. Panel iştirakçıları turizmdə qida tullantılarının ölçülməsi və azaldılması, yerli istehsalçılarla əməkdaşlıq və dövri iqtisadiyyat prinsiplərinin tətbiqi, həmçinin dayanıqlı ərzaq sistemlərinin təşviqində turizmin rolu üzrə müzakirələr aparıblar.
Kənan Əliyev həmçinin Türkiyə pavilyonunda keçirilən "Turizmdə iqlim həlləri: tullantısız yanaşma, elektrikləşmə, dayanıqlılıq və investisiyalar üzrə siyasət və tərəfdaşlıqların inkişafı" adlı yüksək səviyyəli tədbirdə çıxış edib. Çıxışda Azərbaycanın COP29-dan sonrakı iqlim gündəliyi, turizmdə dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev "Dayanıqlı qonaqpərvərlik və turizm" mövzusunda panel müzakirədə iştirak edərək ölkədə beynəlxalq dayanıqlılıq standartlarının, o cümlədən "Green Key" sertifikatının və Dünya Səyahət və Turizm Şurasının (WTTC) "Hotel Sustainability Basics" proqramının tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. Tədbirdə Xınalıq kəndi və Basqal qəsəbəsinin timsalında yerli icmaların turizmin inkişafında iştirakının mədəni irsin qorunmasına və əhalinin rifahının yüksəldilməsinə verdiyi töhfə diqqətə çatdırılıb.