Bakıda süd emalı müəssisəsinin fəaliyyəti dayandırılıb, qanunsuz etiketlər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi Sabunçu rayonunda süd emalı müəssisəsində plandankənar yoxlama keçirib: müəssisə təsdiqdən keçmədən işləyib, etiketlərdə coğrafi adlarla istehlakçı aldadılıb.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, ev 14 ünvanında fiziki şəxs Aysel Cümşüdovaya məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. Müəssisənin təsdiqdən keçmədən qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.
Obyektdə sanitar-gigiyenik və sanitar-texniki vəziyyət qənaətbəxş olmayıb, texnoloji ardıcıllıq prinsipinə və temperatur rejiminə əməl edilməyib. Tərkibində qaymaq olmayan məhsulun etiketində “Qaymaqlı şor” yazıldığı, emal Bakıda aparılsa da, dovğa, şor və qatıq etiketlərində “İsmayıllı şoru”, “İsmayıllı dovğası” və “İvanovka qatığı” kimi coğrafi adlardan istifadə olunduğu aşkarlanıb.
Müəssisədə həmçinin müxtəlif istehsalçılara məxsus əmtəə nişanlı etiketlər — Çinar, Cantəpə, Fermer.V.D İvanuşka, Fermer və Emay — kiflənmiş və istifadə müddəti bitmiş süd məhsulları ilə birlikdə tapılıb.
Faktla bağlı inzibati protokol tərtib edilib, süd məhsullarından laborator müayinələr üçün nümunələr götürülüb. İstehlaka yararsız məhsulların və qanunsuz etiketlərin məhv edilməsi barədə qərar qəbul olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.