Bakı Beynəlxalq İncəsənət Festivalında “Zikra: xatirələr gecəsi” tamaşası göstərilib
Oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında BIAF-2026 çərçivəsində Əkrəm Xanın “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub.

Oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub. Tamaşa Səudiyyə Ərəbistanının Əl-Ula şəhərindəki müasir incəsənət məkanı “Wadi AlFann”ın sifarişi ilə hazırlanıb.
Əsərin müəllifi rejissor və xoreoqraf Əkrəm Xandır; o, layihədə vizual rejissor Mənal Əl-Dovayan ilə birgə çalışıb, səhnə tərtibatı və geyim dizaynını da özü hazırlayıb. Tamaşa Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin nəzdindəki Mədəniyyət Fondunun tərəfdaşlığı ilə təqdim olunur.
Ərəb dilində “yaddaş” mənasını verən “Zikra” bir gecəlik ritual kimi qurulub: qadınlar bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışır, mərasim və ortaq xatirələr vasitəsilə keçmişlə bu günü birləşdirirlər. Orijinal musiqi hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş tərəfindən yazılıb, hazırlıqda 40-dan çox beynəlxalq ifaçı, o cümlədən Əl-Ulanın yerli musiqiçiləri iştirak edib. Layihə “Madrasat Addeera”, Əl-Ula Musiqi Mərkəzi və yerli icma ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.