Azərbaycan və Mərkəzi Asiya liderləri Türkmənbaşında toplaşır
Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşü Türkmənistanın Türkmənbaşı şəhərində keçirilir. Toplantıda siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığı müzakirə olunur.

Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşü Türkmənistanın Türkmənbaşı şəhərində keçirilir. Region liderlərini bir araya gətirən toplantının gündəliyində siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanları dayanır.
Məşvərət Görüşü formatı ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib. İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi görüş baş tutub. Azərbaycan bu formata tamhüquqlu qoşulmadan əvvəl də əlaqələri ardıcıl inkişaf etdirib: Prezident İlham Əliyev 2023-cü ildə Düşənbədə keçirilən 5-ci, 2024-cü ildə Astanada keçirilən 6-cı görüşdə iştirak edib.
Avrasiyada iqtisadi və nəqliyyat əlaqələrinin istiqamətləri sürətlə dəyişir: yeni ticarət marşrutlarının axtarışı və enerji resurslarının alternativ yollarla daşınması regionlararası əməkdaşlığı ön plana çıxarır. Bu kontekstdə Xəzər hövzəsi Şərqlə Qərbi birləşdirən coğrafi xətt kimi xüsusi mövqe tutur.