Azərbaycan turizmi Əmmanda 48 şirkətə təqdim olunub
Azərbaycan Turizm Bürosu noyabrın 2-də Əmmanda B2B görüş təşkil edib; 48 şirkəti təmsil edən 66 nümayəndə iştirak edib. Müzakirələrdə uçuşlar, viza prosedurları və yeni hava əlaqələri də yer alıb.

Azərbaycan Turizm Bürosu (ATB) noyabrın 2-də İordaniyanın paytaxtı Əmmanda “Experience Azerbaijan B2B Networking Event” adlı işgüzar görüş keçirib. Tədbirdə 48 şirkəti təmsil edən 66 turizm sənayesi nümayəndəsi iştirak edib.
Proqram çərçivəsində iştirakçılara Azərbaycanın ilboyu turizm imkanları barədə məlumat verilib. Təqdimatda Bakı, Qəbələ, Quba, Qusar və Şəki istiqamətlərinə diqqət yetirilib; ailəvi istirahət, lüks kurortlar, təbiət və macəra turizmi, qış turizmi, mədəni irs, qastronomiya, sağlamlıq və halal turizm imkanları da təqdim olunub.
Tədbir çərçivəsində Azərbaycan Hava Yolları (AZAL) da daxil olmaqla, Azərbaycanın üç şirkətinin nümayəndələri ilə İordaniya tərəfi arasında B2B görüşlər keçirilib. Müzakirələrdə əməkdaşlıq istiqamətləri, birbaşa işgüzar əlaqələr və yeni biznes imkanları müzakirə olunub.
ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid İordaniya Turizm Şurasının baş icraçı direktoru Ramzi Al-Maaytah ilə də görüşüb. Görüşdə mövcud uçuşlar, viza prosedurlarının sadələşdirilməsi və gələcəkdə yeni hava əlaqələrinin yaradılması perspektivləri müzakirə olunub. Hazırda iki ölkə arasında hava əlaqəsi əsasən yay mövsümündə AZAL və “Fly Jordan” tərəfindən həyata keçirilən həftəlik çarter reysləri ilə təmin olunur.