Azərbaycan Pekində CIMX 2026 işgüzar turizm sərgisində iştirak edir
Azərbaycan Turizm Bürosu noyabrın 3-5-də Pekində keçirilən CIMX 2026 sərgisində AZAL, Absheron Hotel Group və turizm şirkətləri ilə birgə iştirak edir. Məqsəd Çin işgüzar turizm bazarı ilə əlaqələri genişləndirməkdir.

Azərbaycan Turizm Bürosu noyabrın 3-5-də Pekində keçirilən “China International MICE Exchange” (CIMX 2026) sərgisində milli stendlə iştirak edir. Stend Azərbaycan Hava Yolları, Absheron Hotel Group və bir sıra turizm şirkətləri ilə birlikdə təqdim olunur.
Büronun açıqlamasına görə, iştirakın məqsədi işgüzar turizm sənayesi nümayəndələri ilə əlaqələri genişləndirmək, yeni əməkdaşlıq imkanlarını araşdırmaq və ölkəni beynəlxalq tədbirlər üçün istiqamət kimi tanıtmaqdır. Milli stendi Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov da ziyarət edib.
Sərgidən əvvəl, noyabrın 2-də Büronun Pekindəki rəsmi nümayəndəlik ofisi Çin və Azərbaycan işgüzar turizm sənayesi nümayəndələri arasında görüş təşkil edib. Görüşdə Azərbaycanın işgüzar turizm infrastrukturu və tədbir məkanları barədə məlumat verilib, Çin bazarının tələblərinə uyğun turizm məhsullarının hazırlanması və əməkdaşlıq perspektivləri müzakirə olunub.
2026-cı ilin yanvar-sentyabr dövründə Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrünə nisbətən 4,4 faiz artaraq 52 115 nəfər olub. Yalnız sentyabr ayında bu göstərici 28 faiz artımla 11 049 nəfərə çatıb.