AQTA şurasının üzvü: pestisid və gübrələrin düzgün saxlanması təhlükəsizlik üçün əsas şərtdir
AQTA yanında Məşvərət Şurasının üzvü Mehmet Manavoğlu pestisid, aqrokimyəvi maddə və gübrələrin istehsalçının müəyyən etdiyi temperatur və rütubət şəraitində, orijinal qablaşdırmada saxlanmasının vacibliyini bildirib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurasının üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının üzvü Mehmet Manavoğlu pestisidlərin, aqrokimyəvi maddələrin və gübrələrin düzgün saxlanmasının təhlükəsizlik üçün əsas şərt olduğunu deyib. Bu barədə AZƏRTAC AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinə istinadən xəbər verir.
Onun sözlərinə görə, bu məhsullar istehsalçının müəyyən etdiyi temperatur və rütubət şəraitində, müvafiq tələblərə cavab verən xüsusi anbarlarda və orijinal qablaşdırmalarında saxlanmalıdır. Belə şərait həm məhsulun keyfiyyətini qoruyur, həm də insan sağlamlığına və ətraf mühitə yarana biləcək riskləri minimuma endirir.
Manavoğlu əlavə edib ki, saxlanma qaydaları ilə yanaşı, elmi əsaslara uyğun tətbiq də vacibdir.