AQTA süd məhsullarının etiketlənməsi layihəsini "Kəngərli" bazarına da şamil edib
AQTA ailə kəndli təsərrüfatlarının süd məhsullarının etiketlənməsi layihəsini "Yaşıl" bazardan sonra Nizami rayonundakı "Kəngərli" ərzaq bazarında da tətbiq edib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ailə kəndli təsərrüfatlarında istehsal olunan süd və süd məhsullarının etiketlənməsi layihəsini davam etdirir. Layihəyə əvvəlcə Bakıdakı "Yaşıl" bazarda start verilib, hazırda isə Nizami rayonunun 8-ci kilometr ərazisində yerləşən "Kəngərli" ərzaq bazarında tətbiq olunur.
Layihə çərçivəsində kiçik istehsalçıların süd məhsulları istehsal tarixi, yararlılıq müddəti, istehsalçının adı, mənşəyi və digər zəruri məlumatları əks etdirən etiketlərlə satışa çıxarılır. Təsərrüfatlara xüsusi etiket və qablaşdırma da verilir.
AQTA-nın açıqlamasına görə, bu dəstək ailə kəndli təsərrüfatlarının tanınmasına, onların məhsullarına istehlakçı etimadının artırılmasına və bazarda rəqabət imkanlarının genişləndirilməsinə hesablanıb. Eyni zamanda tədbir istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyi məqsədi daşıyır.